Bu Powerbank-lar təyyarələrdə QADAĞANDIR!

2025-ci il iyunun 28-dən etibarən Çində sertifikatsız və geri çağırılmış powerbank-ların daxili reyslərdə daşınması QADAĞANDIR.

Bu yeni qayda, təyyarələrdə litium batareyaları ilə bağlı bir sıra təhlükəsizlik hadisələrindən və böyük brendlərin milyonlarla məhsulunun geri çağırılmasından sonra tətbiq edilib.

Çinin Mülki Aviasiya Administrasiyası (CAAC) powerbank-ların təhlükəsizlik sertifikatı olmadan təyyarəyə buraxılmamasına dair ciddi yeni qaydalar tətbiq edib. Belə ki, təyyarəyə aparılması nəzərdə tutulan bütün ehtiyat enerji mənbələri mütləq “3C” – “China Compulsory Certification” (Çin Məcburi Sertifikatı) nişanına malik olmalıdır.

CCC sertifikatı – insanların sağlamlığına, təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə təsir edə biləcək məhsullara tətbiq olunan məcburi Çin standartıdır. “CCC” yazısı olmayan və ya geri çağırılmış siyahıda yer alan istənilən powerbank cihazının təyyarəyə aparılması qətiyyən QADAĞANDIR.

Bu qərar, dünyada uçuş zamanı litium batareyaları ilə bağlı baş verən ciddi hadisələrdən sonra qəbul olunub. Noutbuk, smartfon, elektron siqaret və xüsusilə də powerbank kimi cihazlardakı litium batareyalar – istehsalat qüsuru və ya zədələnmə halında tüstü çıxarması, yanğın və ya yüksək temperatur yaratması ilə böyük risk daşıyır.

ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) statistikasına əsasən, 2024-cü ildə hər iki həftədən bir təyyarədə litium batareyaların həddindən artıq qızması ilə bağlı fövqalədə hadisə baş verib. Bu, 2018-ci illə müqayisədə əhəmiyyətli artımdır. Xüsusilə də, 2025-ci ilin əvvəlində Cənubi Koreyanın Air Busan aviaşirkətinə məxsus təyyarədə baş verən yanğının powerbank səbəbindən baş verməsi ilə bağlı şübhələr, qlobal aviasiya təhlükəsizliyi barədə narahatlıqları artırıb.

Sərnişinlərin səyahət zamanı getdikcə daha çox batareya ilə işləyən cihazlar – xüsusilə powerbank-lar daşıması, aviasiya sənayesində əsas narahatlıq nöqtəsinə çevrilib. 2014-cü ildən bəri Çin, uçuş zamanı powerbank ilə cihazların şarj edilməsini tamamilə qadağan etmişdi.

Qeyd etmək lazımdır ki, powerbank-lar üçün CCC sertifikatlaşdırması yalnız 2023-cü ilin avqust ayından tətbiq edilməyə başlanılıb. Bu isə o deməkdir ki, 2024-cü ildən əvvəl istehsal olunan əksər məhsullar bu sertifikata malik deyil və artıq təyyarəyə buraxılmayacaq.

2025-ci ilin iyun ayında Çinin Anker və Romoss kimi aparıcı powerbank istehsalçıları təhlükəsizlik narahatlıqlarına görə milyonlarla məhsulu geri çağırmaq məcburiyyətində qaldı. Çinin bazar tənzimləyici orqanı isə bir sıra batareya istehsalçılarının 3C sertifikatını ləğv edib və ya dayandırıb.

Hazırda bu yeni qayda yalnız Çinin daxili reyslərinə şamil edilir. Lakin yaxın gələcəkdə Çin aviaşirkətlərinin bu tətbiqi beynəlxalq reyslərə də şamil etməsi istisna olunmur.

Hazırda əksər beynəlxalq aviaşirkətlərin qaydalarına əsasən, sərnişinlər maksimum 100 Vt-saat (Wh) gücə malik powerbank-ları özləri ilə götürə bilərlər, lakin bu cihazlar əl yükündə olmalı və mümkün hadisələrin vaxtında aşkarlanması üçün asan görünən yerdə saxlanmalıdır.


Sualınız var? Powerbank-ınızın uyğun olub-olmadığını öyrənmək üçün bizimlə əlaqə saxlayın!

“Bu Powerbank-lar təyyarələrdə QADAĞANDIR!” üçün bir cavab

  1. […] Gəlin sizin Çin Xalq Respublikasına ilk səfərinizi təsvir edək. Siz hava limanını tərk etdiz və taksiyə yaxınlaşdız. Amma sizin taksi sürücünüz ingilis dilində bir söz belə bilmir! Bir neçə dəfə “hotel” sözünü təkrarladıqdan sonra siz artıq təslim olub cib telefonunuzu açmağa çalışırsız. Amma sizin telefon açılmır: Onda akkumulyator boşdur. Ona görə işinizi şansa buraxmayıb özünüzlə powerbank götürməlisiz. Amma hər-hansı power bank yox: CCC markalı powerbank, digərləri Çində getdikcə qadağan olunur. […]

    Bəyən

Çinə ilk səfərimdir: Özümlə nə aparım? – ÇinDost üçün bir cavab yazın Cavabı ləğv et